“Əllərini yudun?” sualı valideynlərin azyaşlı övladlarından hər gün soruşduğu adi bir sualdır. Adətən bu sualdan sonra uşaqlar tez qaçıb kranı açır və unutduqları tapşırığı yerinə yetirirlər. Belə sadə tapşırığın isə olduqca əhəmiyyətli bir məqsədi var: bədənimizi infeksiyalardan qorumaq. ABŞ Xəstəliklərə Nəzarət Mərkəzi bildirir ki, yoluxucu xəstəklərin 80% əllər vasitəsiylə ötürülür. Övladlarınızda, yeməkdən əvvəl, oyunlar oynadıqdan, əl-ələ tutuşandan sonra əlləri yumaq vərdişi yaratmaq mikrob təhlükəsini aradan qaldırar. Övladınızın əllərini daha çox yumağa təşfiq etmək üçün beş üsulu sizinlə paylaşırıq.
Onlara düzgün nümunə olun
Uşaqlar tərbiyəni, həmçinin gigiyena qaydalarını böyüklərdən öyrənirlər. Öz əllirinizi yuyaraq övladınıza əllərini necə yumalı olduqlarını göstərin. Yeməkdən öncə, əvvəlcə əllərinizi siz yuyun ki, onlar bunu düzgün şəkildə etməyi öyrənsinlər. Uşaqlar sizin əllərinizi yuduğunuzu gördükdə, əlləri yumağın necə əhəmiyyətli olduğunu başa düşəcək və onlar da bunu edəcəklər.
Su kranın əlçatan olması
Su kranı övladınız üçün əlçatan yerdədirmi? Əgər deyilsə, ayaqaltına kiçik bir kürsü qoyun, onun üstünə çıxdıqda təhlükəsiz bir şəkildə necə dayanmalı və əlini yuduqdan sonra kürsünü yerinə qoymalı olduğunu övladınıza öyrədin. Sabun və dəsmalı da övladınız üçün əlçatan yerə qoymalı olduğunuzu unutmayın.
Əyləncə
Övladınız üçün maraqlı/əyləncəli sabunlar alın. Dükanlarda müxtəlif ətirli və rəngli sabunlar satılır. Bundan başqa övladınızın ən sevimli cizgi film personajlarından birinin formasında olan sabun da seçə bilərsiniz. Sabun alarkən onu da özünüzlə aparıb öz istədiyi sabunu seçmək imkanı versəniz, övladınızın təcrübə toplamasına şərait yarada bilərsiniz.
Təfərrüatlar haqqında söhbət
Böyüklər üçün sıravi olan şeylər, uşaqlar üçün adi olmur. Uşağın əlini axar suyun altında sabunsuz saxlayıb sonra da bunu “əlləri yumaq” adlandırığını görmüsünüz? Hansı miqdarda sabunla və hansı müddət ərzində əllərini yumalı olduqlarını ətraflı şəkildə onlara izah edin. Əli yumaq təxminən 20 saniyə və ya iki dəfə ABC mahnısı oxuyacaq qədər çəkir.
Əhəmiyyəti haqqında söhbət
Çirki olsa da, olmasa da, əlləri yumağın niyə əhəmiyyətli olması haqqında övladınızla söhbət edin. Bunu misallar ilə izah etmək üçün, bir qədər zər (yaxud un) götürüb övladınızın əllərinə tökün, sonra da oyuncaqlara (mümkünsə, sonra asan silinə bilən oyuncaqlar olsun) toxunmalarını deyin. Bundan sonra özünüz həmin oyuncağa toxunun və zərin övladınızın əlindən oyuncağa, oyuncaqdan isə sizin əlinizə keçdiyini onun nəzərinə çatdırın. Zərin mikrobları təmsil etdiyini və əllərimizi yumadıqda, həmin mirobların hər yerə yayılaraq başqalarını xəstələndirə biləcəyini ona izah edin. Biz mikrobları görə bilməsək də, əllərimizi yuyaraq onlardan təmizlənə bilərik.
Yekun
Əlləri yumaq bəsit bir iş olsa da, gigiyena üçün olduqca əhəmiyyətlidir. Bəzən uşaqlar bunu başa düşməkdə və ya əllərini düzgün şəkildə yumaqda çətinlik çəkirlər. Qeyd edilən bu beş üsul övladınıza ömür boyu faydalı olacaq sağlam vərdişlər qazandıracaq.
İstinad:
http://www.bccdc.ca/health-info/prevention-public-health/hand-hygiene
Müəllif haqqında:
Janin Laubner (Jeannine Laubner) “Kipinä” Uşaq Bağçaları və Məktəbəqədər Təhsil Müəssisələrinin akademik işlər üzrə direktorudur. Jeannine dördüncü nəsil müəllimimizdir və
“Kipinä”da təhsil almış iki övladı var. ABŞ, San Fransiskodan bizə qoşulan Jeannine 18 ildən artıq təcrübəsiylə təhsil sahəsində uğurlu liderdir. O, Pedaqogika üzrə Magistr, Psixologiya üzrə isə Bakalavr dərəcəsinə və “Mədəniyyətlərarası Dil və Akademik İnkişaf” üzrə sertifakata malikdir. “Kipinä” Zənginləşdirilmiş Finlandiya Kurikulumunun öyrətmə vasitələrini inkişaf etdirməkdən savayı o, təbiətin mühafizəsi, heyvanların rifahı üçün göstərilən təşəbbüsləri və “Girlscouts Overseas” tədbirlərini dəstəkləyir.
Multilingual WordPress with WPML