Bu dünyada uşaqlardan daha qiymətli, eyni zamanda da əsəb yaradan heç nə yoxdur. Hüdudları müəyyənləşdirmək üçün onların daim diqqətə və sevgiyə ehtiyacı var. Valideynlər olaraq, övladlarımızı doğru yola yönəltmək, onlara yaxşını pisdən ayırmağı öyrətmək və onlara sevgi göstərmək bizim borcumuzdur. Bəzən uşaqlar sizi dayanmadan əsəbləşdirdikdə bunu etmək çətin ola bilər. Əsəbləşmək əvəzinə, uşaqlarınıza qarşı necə təmkinli olmağı öyrənin. Siz onlar üçün ən böyük nümunəsiniz və nəticədə onlar da sizin kimi edəcəklər.
Dayanın və dərindən nəfəs alın
Özünüzü beyninə qan vurmuş və partlamağa hazır biri kimi hiss etdikdə, dayanın. Bu fasilə sizi dayanmağa və nə edəcəyinizi və ya söyləyəcəyinizi düşünməyə məcbur edəcəkdir. Dərindən nəfəs almağınız bir neçə saniyə olsa belə vəziyyətin öhdəsindən gəlməyə imkan verəcək. Bir anlıq sakitlik vəziyyəti aradan qaldırmağa kömək edə bilər.
Səs tonunuzu aşağı salın
İstər inanın, istərsə də inanmayın, sadəcə öz səsinizi aşağı salmaq bədəninizi sakit olduğunuzu düşünməyə vadar edəcək. Özünüzü əsəbi hiss etsəniz belə, səsinizi aşağı salın, bu zaman qəzəbinizin də azaldığını müşahidə edəcəksiniz. Əlavə olaraq, uşaqlarınız yüksək səsdən daha çox alçaq səsə reaksiya verəcək. Hətta pıçıltıya keçmək hər kəsin əhvalını dəyişə bilər. Bilin ki, əksər azyaşlı uşaqlar öz ehtiyaclarını ifadə edə bilmədikləri zaman yanlış hərəkət edirlər, onların əvəzinə siz ifadə edin, sözləri onların yerinə siz deyin.
Otaqdan çıxın
Emosiyalarınızı idarə edə bilmədiynizi hiss edirsinizsə, otaqdan çıxın. Sonradan peşman olacağınız bir şey demək və ya etməkdənsə, vəziyyətdən uzaqlaşmaq daha yaxşıdır. Bu da nizam-intizam üçün çox əlverişlidir. Bu, pis davranışların və səhv seçimlərin insanları onlardan uzaqlaşdırdığını uşaqlara göstərir. Yaxşı davranış maraq cəlb etməlidir. Əgər otağı tərk edə bilmirsinizsə (misal üçün maşın sürərkən), davranışa məhəl qoymadan pəncərəni aça bilərsiz.
Pərəstiş etdiyiniz valideynlərə baxın
Bir addım geri çəkilin və digər valideynlərin uşaqları ilə necə davrandıqlarını və onları necə tərbiyə etdiklərini izləyin. Əslində, bu, həyat yoldaşınız və ya övladlarınızla ünsiyyətdə olan tərəfdaşınız ola bilər. Onların valideyn bacarıqlarına pərəstiş etdiyiniz müddət ərzində, onlar sizin üçün yaxşı bir nümunə olacaqlar. Çətin vəziyyətlər yarandıqda, onların belə vəziyyətlərdə necə hərəkət edəcəyini düşünün və o cür davranmağa çalışın.
Köhnə videolara və ya fotoşəkillərə baxın
Hamımız uşaqlarımızı sevirik. Ancaq bəzən onların nə qədər xüsusi olduqlarını xatırladmaq lazımdır. Bəzən, son dərəcə dəcəl olan iki və üç yaşlı uşağın əməlləri əslində onların daxilən necə də məsum olduqlarını unutmamıza səbəb olur. Sonsuz və qeyd-şərtsiz sevginizi xatırlamaq üçün fotoşəkillərə və sevimli videolara yenidən baxın. Onlar çox sürətli böyüyürlər!
Uşaqlar dediklərimizi, əsasən də etdiyimiz hər şeyi bizdən götürürlər. Əsəblərimizi cilovlamağı bacarmamaq, uşaqlara bunun yaxşı bir şey olduğunu öyrədir. Bunun əvəzində, davranışlarınızla övladlarınıza qorxu deyil, məhəbbət hissinin daha yaxşı olduğunu öyrədin.
Müəllif haqqında:
Janin Laubner (Jeannine Laubner) “Kipinä” Uşaq Bağçaları və Məktəbəqədər Təhsil Müəssisələrinin akademik işlər üzrə direktorudur. Jeannine dördüncü nəsil müəllimimizdir və
“Kipinä”da təhsil almış iki övladı var. ABŞ, San Fransiskodan bizə qoşulan Jeannine 18 ildən artıq təcrübəsiylə təhsil sahəsində uğurlu liderdir. O, Pedaqogika üzrə Magistr, Psixologiya üzrə isə Bakalavr dərəcəsinə və “Mədəniyyətlərarası Dil və Akademik İnkişaf” üzrə sertifakata malikdir. “Kipinä” Zənginləşdirilmiş Finlandiya Kurikulumunun öyrətmə vasitələrini inkişaf etdirməkdən savayı o, təbiətin mühafizəsi, heyvanların rifahı üçün göstərilən təşəbbüsləri və “Girlscouts Overseas” tədbirlərini dəstəkləyir.
Multilingual WordPress with WPML