Rəngləmə bütün yaş qruplarındakı uşaqlara ömürboyu fayda verən bir hobbidir. Belə ki, bu fəaliyyət koordinasiyalı olmağa və stresi azaltmağa kömək edir. İstər uşaq olun, istər yetişkin, hər həftə bir neçə vərəq rəngləmək sizə olduqca faydalı olacaq. Rəngləmənin müsbət təsirlərinin bir neçəsiylə gəlin tanış olaq:
Biz bilirik ki, bir uşağın yazmaq üçün ehtiyac duyduğu əl-göz koordinasiyasının inkişafı üçün rəngli qələm tutmaq erkən mərhələlərdən biridir, lakin bu, böyüklərə də faydalı ola bilir. Xətlərin arasını, xüsusilə qarışıq cizgiləri rəngləmək, yetişkinlərin əl-göz koordinasiyasını yaxşılaşdırmağa faydalı ola bilər. Bundan başqa, əl-göz koordinasiyası gənclərlə yanaşı, yaşlı insanlar üçün də olduqca əhəmiyyətlidir.
İnsanın kiçik motor bacarıqları uşaq yaşlarında inkişaf etdiyi halda, yaşlandıqda zəifləyir. Kompüter dövründə, əllə yazan adamın işi çətindir. Lakin, rəngləmə kiçik motor bacarıqları qazanmağa, hətta bu bacarıqları inkişaf etdirməyə kömək edir. Son tədqiqatlar göstərir ki, rəngləmə iflic keçirmiş insanların da kiçik motor bacarıqlarını bərpa etməyə yardım edir.
Araşdırmalar göstərmişdir ki, işə və oxumağa ara verib diqqətinizi başqa bir məşğuliyyətə cəmləsəniz, siz həmin vaxtı daha səmərəli hala gətirə bilərsiniz. Rəngləmə işi isə məhz həmin fasiləni doldura biləcəyiniz əla bir məşğuliyyətdir, çünki bu zaman siz nə oxuyursunuz, nə də yazırsınız. Rəngləmə kitablarının ən yaxşı xüususiyyətlərindən biri də, tamamlama nöqtəsinin olmasıdır – o hissəyə çatdıqda, vərəq bitir və beləcə sizin fasiləniz də bitmiş olur.
Rəngləmə həm uşaqlarda, həm də böyüklərdə kreativliyi dəstəkləməyin ən gözəl yollarından biridir. Boyamağa başlayan şəxsə heyvanları və yaxud hansısa personajı öz istəklərinə görə yenidən bəzəməyə imkan verməklə, xəyal gücünü artırmağa da şərait yaradırsınız. Mandalalar və tatu sənəti hansı rəngin daha mənalı və ya zövqlü olduğuna qərar verməklə boyaçıya daha çox sərbəstlik verir. Daha qarışıq rəngləmə vərəqləri, beyninizdəki yaradıcılıq nöqtələrini daha çox oyatmağa kömək edir. Bəzi istedadlı sənərkarlar öz vaxtlarını hətta orijinal əsərin parodiyasını yaxud daha yumoristik versiyasını çəkməyə sərf edirlər.
Əgər siz gərgin bir günün sonunda telefonunuzla məşğul olaraq və ya kompüter önündə əyləşərək dincəlməyə çalışırsınızsa, bu, bir qədər çətin ola bilər. İş e-mailləri, sosial şəbəkə, internet söhbətləri və saytlarda gəzişmə sizin bütün axşamınızı alsa da, stress səviyyəniz əvvəlkinə nisbətən azalmayacaq. Rəngləmə kitablarında hər hansı aplikasiya və ya elektron məlumatla qarşılaşmırsınız, əksinə, siz rənglərə və dizayna diqqətinizi cəmləyirsiniz və heçnə sizi bundan yayındırmır, nəticədə isə siz həqiqətən stressdən qurtulur və dincəlirsiniz.
Ətrafı tanıma (yəni bədəninizin sizi əhatə edən mühitlə əlaqəsini dərk etmə) sadə məsələ həll etmə və məntiqin təməllərinə söykənir. Sadə tənlikləri həll edə və ətrafdakı ipuclarına düzgün məna verə bilmədən, ətrafı tanıma məhdudlaşır və ya qeyri-mümkün olur. Çünki kitab və vərəqləri rəngləmə adətən dərinlik və müxtəlif əlaqələri olan cisimlər ortaya qoyan oyunlar və ya hissəcikli şəkillərlə səciyyələnir. Buna görə də bunlar uşaqların ətrafı güclü şəkildə tanımaları üçün ehtiyac duyduqları təməli inkişaf etdirir.
Rəngləmənin əl-göz koordinasiyasını və kiçik motor nəzarətinə kömək etdiyini artıq qeyd etmişik. Lakin, rəngləmənin təhsil vasitəsi kimi dəyəri uşaqları yazı yazmağa hazırlamaqla bitmir. Tədris materialı kimi rəngləmə kitabları və vərəqlərini diqqətli şəkildə seçməklə, valideynlər övladlarını ibtidai məktəbə hazırlaya bilər. Bəzi rəngləmə kitabları, məsələn məşğələ kitabçası, əsas rəqəmlər, hərflər, fiqurlar və bəsit məntiq oyunları bəzi sadə anlayışları öz-özünə öyrənmələrinə kömək edir. Nağıllar vı qısa hekayələrlə seçilən digər rəngləmə kitabları isə daha böyük uşaqların oxumağı öyrənmələrinə kömək edir. Adətən internetdə və ya ixtisaslaşmış dükanlarda satılan xüsusi rəngləmə kitabları isə biomüxtəliflikdən incəsənətə, texniki elmlərdən tarixə qədər müxtəlif sahələri əhatə edən mövzularla daha qəliz məlumatları uşaqlara aşılamağa kömək edir. Bu tip kitablar yeni biliklər əldə edən və ya hansısa xəstəlikdən sonra biliklərini yeniləmək istəyən yeniyetmələrin, həmçinin böyüklərin, də marağına səbəb ola bilər.
Bütün yaşdan insanlar öz əl işlərinə tamaşa etməkdən zövq alırlar. Hətta kiçik bir işi belə yaxşı yerinə yetirmək mənəvi zövq verir və özünə inam hissini artırır. Biz yaşlandıqca, belə şeylərdən daha az zövq almağa başlayırıq, lakin hansısa bir layihəni tamamlamaq insanın nəyə qadir olduğunu görməsi baxımından olduqca əhəmiyyətlidir. Bəlkə çox adi bir hərəkət kimi görünsə də, rəngləmə vərəqini tamamlayıb soyuducu qapısından asmaq uşaqlara olduğu qədər böyüklərə də eyni zövqü verir. Bir çox yaşlı rəngsaz öz evlərində görmək istədikləri incəsənət əsərlərinə əsaslanaraq öz rəngləmə kitablarını seçir və daha sonra rənglədikləri əsərləri evdə asmaqdan zövq alırlar.
Heç də təəccüblü deyil ki, rəngləmə kitabları rənglərin adlarını öyrənmələri baxımından uşaqlara olduqca faydalıdır. Bundan başqa, onlar həm də rəng nəzəriyyəsinin qarışıq anlayışlarının da öhdəsindən gəlirlər. Sadə sulu boya və ya rəngli karandaşları uşağa verdikdə, o, iki rəngi qarışdıraraq necə yeni bir rəng əldə edə biləcəyini öyrənə bilər, bu da öz növbəsində üç və ya dörd rəngin qarışdırılması ilə başqa rənglərin ortaya çıxarılmasına gətirib çıxardacaq. Həmçinin, onlar tünd və açıq rənglərdən istifadə edərək kölgələr də çəkə bilərlər. Bundan başqa, rənglər arasındakı ziddiyəti və həmçinin rənglərin bir birini tamamlamasını öyrənəcəklər. Bəlkə də onlar incəsənət adamlarının istifadə etdiyi sözlərdən istifadə etməyəcəklər, lakin onlar eyni ideyaları öyrənəcəklər.
Dünya indi olduğu qədər heç bir zaman rəngləməyə ehtiyac duymayıb. Bir çox mütəxəssisə görə televizora baxmaq bir çox xəstəliyə səbəb ola bilər, bu baxımdan bu məşğuliyyətin reputasiyası mənfidir. Bəzi ailələr tətilə çıxdıqda və ya gecələr bir biriylə əlaqə saxlamamağa diqqət edirlər. Axşamlar yatmazdan əvvəl texnolojik avadanlıqlardan istifadə əvəzinə və ya həftəsonu səhərlərində, böyük bir macəraya başlamazdan əvvəl rəngləmə bütün ailənin iştirak edə biləcəyi möhtəşəm bir fəaliyyət ola bilər. Rəngləmə kitabları və vərəqlərini restorana getdikdə, maşında, təyyarədə özünüzlə asanlıqla apara bilərsiniz və bu əşyaların batareyaya ehtiyacları yoxdur. Siz hansısa bir rəsmin hissəciklərini birlikdə rəngləyə bilərsiniz və ya fərdi şəkildə rəngləmə kollajları düzəldə bilərsiniz.
Gördüyünüz kimi, rəngləmə bütün yaşlardakı insanların sağlamlığına xeyirlidir və ömürboyu davam edəcək bir hobbidir.
Müəllif haqqında:
Janin Laubner (Jeannine Laubner) “Kipinä” Uşaq Bağçaları və Məktəbəqədər Təhsil Müəssisələrinin akademik işlər üzrə direktorudur. Jeannine dördüncü nəsil müəllimimizdir və “Kipinä”da təhsil almış iki övladı var. ABŞ, San Fransiskodan bizə qoşulan Jeannine 18 ildən artıq təcrübəsiylə təhsil sahəsində uğurlu liderdir. O, Pedaqogika üzrə Magistr, Psixologiya üzrə isə Bakalavr dərəcəsinə və “Mədəniyyətlərarası Dil və Akademik İnkişaf” üzrə sertifakata malikdir. “Kipinä” Zənginləşdirilmiş Finlandiya Kurikulumunun öyrətmə vasitələrini inkişaf etdirməkdən savayı o, təbiətin mühafizəsi, heyvanların rifahı üçün göstərilən təşəbbüsləri və “Girlscouts Overseas” tədbirlərini dəstəkləyir.
Multilingual WordPress with WPML